AZ  | EN  | GE  | RU


"İnsanlara azadlıq, millətlərə istiqlal!"

M.Ə.Rəsulzadənin Azərbaycan xalqına xitabı

Köhnəliklə yeniliyin güləşi

Elxan Xanəlizadə

Öz qədrimizi bilmirik

Üzeyir Hacıbəyli

İran və biz

Yusif Vəzir Çəmənzəminli

Nigar Köçərlini tənqid etmə - kitabın satılmaz!

Elxan Xanəlizadə

Kişilərin hümməti parçalayar dağları

Məhəmməd Əmin Rəsulzadə

Namus böhranı

Aqil Camal

Şəki haqqında ballada (II yazı)

Elxan Xanəlizadə

Şəki haqqında ballada (I yazı)

Elxan Xanəlizadə

Mən bu şəhəri sevirəm!

Cəlil Cavanşir (Gəncə dəftərindən)

Mən bu şəhəri sevirəm!



Cəlil Cavanşir (Gəncə dəftərindən)




Mən bu şəhəri sevirəm. Dostlarımı-düşmənlərimi, xeyirxahlarımı, bədxahlarımı, dürüstləri, yalançıları, fırıldaqçıları – hamını sevirəm. Bu şəhər mənim arzularıma qanad verən, övladıma həyat verən şəhərdir. Bu şəhərin şairləri, yazarları, jurnalistləri, məmurları, polisləri, dilənçiləri, dindarları, “qoçu” ları, hətta evində kirayə qaldığım üçün mənə yuxarıdan aşağı baxan qadın da mənə doğmadır. Bura dünyanın kiçik parçası, Azərbaycanımın yaşayan tarixidir. Bu mənim şəhərimdir. Səhərlər işə tələsəndə mindiyim marşurut avtobusunun sürücüsü, taksi şoferi, hərdən nisyələrimi ikiqat yazan dükan sahibi, bitirdiyim universitetin qapıçısı, kostyumumu  keyfiyyətsiz tikən dərzi, yanımda çalışan müxbirlərim, pulu çox sevən “dostum” da mənə doğmadır.

Bu şəhərdən dostluqlarım təmənnaya söykəndiyi anlarda bezmişəm. Məndən istifadə etməyə çalışan “dost”ların xəyanətini görəndə, haqqım çeynənəndə, arxamca böhtan danışanlar çoxalanda, paxıllar yollarımı kəsməyə başlayanda ruhdan düşmüşəm. Ancaq ən ümidsiz anımda da bu şəhəri, mənim olduğu üçün sevmişəm.

Mən bu şəhəri doğulduğum kənd qədər, böyüdüyüm ev qədər, oxuduğum məktəb qədər sevmişəm. Arzularımı bu şəhərə görə nizamlayıb, bu mühitə görə qurmuşam. Dostlarım arxadan vuranda, kürəyimdəki xəncərin acısını hiss edəndə də mən bu şəhəri sevmişəm. Heyif ki, bu şəhərin dənizi yoxdur. Bu şəhərin dənizi olmadığı üçün qurumuş bulaqlarını, su satan maşınlarını, həftələrlə motoru xarab olan artezianlarını sevmişəm. Bir az qəribə, bir az anlaşılmaz, bir az da qorxulu bir sevgiylə bu şəhərin hər halını – yağışını, qarını, küləyini, palçığını, küçələrinin tozunu belə sevmişəm. Acı siqaret dumanına bürünmüş gecələrimdə də, mən bu şəhəri düşünmüşəm. 6 ildir ki, mən bu şəhəri düşünüb yatmışam. 

Mən bu şəhəri dəlicəsinə sevmişəm. Ədalətli-ədalətsiz hakimlərini, savadlı-savadsız müəllimlərini, qorxağını, qoçağını, qazisini, fərarisini, şəhidini sevmişəm. Bəzən özüm də inanmamışam bu sevgiyə, içini paxıllıq gəmirən dostlarımın təmənnasız dostluqlara inanmadıqları kimi. Bəzən saatlarla bu şəhərin küçələrini dolaşıb hirsimi, qəzəbimi küçələrə tökmüşəm. Zibilliyi xatırladan Gəncə çayına baxdıqca, baxmışam. Gözüm yorulana qədər Kəpəzə, Qoşqara, zirvəyə, səmaya baxmışam. Sevmişəm bu şəhəri. Qoynunda bir ocaq sahibi olacağımı düşünə-düşünə, bir iş sahibi olacağımı gözləyə-gözləyə sevmişəm bu şəhəri. Gecələr oğlumun gözüylə boylandığım dünya, oğlumun gülüşlərinə bürünən otağım, sevmədiyim telexəbərlər, seriallar, sevdiyim musiqilər hamısı bu şəhərlə bağlıdır. Türkiyənin kürd Ahmet Kayasını, boz qurd Ozan Arifini, yaşamaqdan doymayan Barış Akarsunu bu şəhərdə sevmişəm. Ağsaqqalını- gəncini, gözəlini- çirkinini, soyuğunu-istisini sevmişəm bu şəhərin.

Bu şəhərin gecə lampalarını daha çox sevmişəm. Qaranlığın hökm edə bilmədiyi işıqlı küçələrin dostu kimi gecə lampaları mənə daha doğma olub. Gecələr sükutun bağrını yaran avtomobillərin səs-küyünü, azan səsini sevmişəm bu şəhərin. Aşıqlarını, manıslarını, sərxoşlarını, tikinti sahələrini sevmişəm. Bir təsadüfi qəzada ayaqlarını itirən dilənçi qadını, kimdən hamilə qaldığı bilinməyən dilənçi qızı, avtomobillərin təkərini təmizləyən üzü mazut kimi qap-qara olan balaca oğlan uşağını, ələmlə dilənən, “alkaş” qocanı və ən nəhayət, məni sevməyən o qaraçı qızını da sevmişəm.

Mən bu şəhəri sevə-sevə özümü və aləmi  ən böyük anlamda Vətəni sevmişəm. Mənim sevgimin böyüklüyü bu şəhəri bağrıma basacaq qədər mənə güc verib. Mən bu şəhəri sevirəm. Doğulduğum kənd qədər, VƏTƏNİM qədər.



15.12.2010 - 16:34   









© 2010 INRADIO.AZ
Bütün hüquqlar qorunur. Materialların tam və müəyyən hissəsindən
istifadə olunarsa sayta mənbə kimi istinad olunmalıdır. Əlaqə üçün: info@inradio.az
Designed & Coded by: Zurab Vardanashvili