AZ  | EN  | GE  | RU


"İnsanlara azadlıq, millətlərə istiqlal!"

M.Ə.Rəsulzadənin Azərbaycan xalqına xitabı

Köhnəliklə yeniliyin güləşi

Elxan Xanəlizadə

Öz qədrimizi bilmirik

Üzeyir Hacıbəyli

İran və biz

Yusif Vəzir Çəmənzəminli

Nigar Köçərlini tənqid etmə - kitabın satılmaz!

Elxan Xanəlizadə

Kişilərin hümməti parçalayar dağları

Məhəmməd Əmin Rəsulzadə

Namus böhranı

Aqil Camal

Şəki haqqında ballada (II yazı)

Elxan Xanəlizadə

Şəki haqqında ballada (I yazı)

Elxan Xanəlizadə

Mən bu şəhəri sevirəm!

Cəlil Cavanşir (Gəncə dəftərindən)

Şəki haqqında ballada (II yazı)

Elxan Xanəlizadə





Şəki haqqında danışacağım, yazacağım o qədər söhbətlər var ki, hansını birinci edim, bilmirəm. Amma I yazıdan sonra Şəkidən zəng vuran dostum incikliyini gizlətmədi. Açıq-açığına etiraz etdi mənə... Guya, mən o qədər yaxşı xatirələrim ola-ola hansısa bir xoşagəlməz hadisəni yazmışam. Mən də söz verdim ki, növbəti yazımda mütləq Şəkinin və şəkililərin özünəməxsus qonaqpərvərliklərindən yazacam. 

II yazıda Sizə bir maraqlı və yadda qalan görüş haqqında danışmaq istəyirəm. Ola bilər ili qarışdıraram. Səhv etmirəmsə, 1998-ci il idi. Bir dəstə tələbə yoldaşımla Şəkinin Kiş kəndindən olan müəllimimizə uzun müddət dərsə gəlmədiyi üçün baş çəkməyə getmişdik. Təxminən, 6-7 nəfər idik. Bir neçə oğlan və qız - tələbə yoldaşları avtobusla Kişə yollandıq. 

Qədim tarixə malik bir kənd olan böyük Kiş kəndi daha da böyüyərək, Şəkiyə bitişib. Bu böyüklüyü elə təkcə onun orta məktəblərinin sayının çoxluğu ilə bilmək olar. Hətta, kəndin bir tərəfində yaşayanlar bəzən digər tərəfdə olanları tanımır. Avtobusdan düşəndən sonra bizə izah etdilər ki, Kişdə hər yerə maşınla getmək olmur. Odur ki, payi-piyada kəndə naşılığımızı üzümüzdən biruzə verərək, darısqal yollarla göstərilən istiqamətə üz tutduq. Yolda rastımıza çıxan qoca-cavan, kişi-qadın hamısı bizə "xoş gəldin" deyir, kimə getdiyimizi soruşaraq, hələ xeyli yol getməli olduğumuzu bildirirdilər. Arada evinə qonaq dəvət edənlər də tapılırdı. 

Dağlıq, darısqal yollarla (cığır demək daha düz olardı) elə hey gedirdik. Birdən yanından keçdiyimiz döngədə iki orta yaşlı kişi (o vaxt bizim 18-19 yaşımız olduğundan, az qala 30 yaşlı gənclərə də kişi deyirdik) bizi saxladı. Ucaboy, göygöz, idmançı görkəmli bu kişilərə baxanda nə qədər sarıdimdik olsaq da, şəkililər demişkən "urusyət adamları" olduqları üzlərindən, boğazlarındakı yoğun qızıl seplərdən, barmaqlarındakı saqqa üzüklərdən bilinirdi. Hara getdiyimizi soruşdular. Dedik ki, bəs, biz tələbələrik, Vaqif müəllimgilə gedirik. Dedilər ki, bura elə onun evidir. Qapını taybatay açıb, "xoş gəlmisouz!" deyərək, hamımızı içəri dəvət etdilər. Sevincək yorğun üzümüzə növbətçi təbəssüm verərək, həyətə doluşduq. Qapı-bacada çoxlu balaca uşaq oynayır, qadınlar-qızlar harasa tələsirmişlər kimi ora-bura qaçışırdılar. Bizsə ikimərtəbəli evin qabağındakı çardağın altında yanaşı oturub, kirimişcə bir-birimizə baxırdıq. Bizi evə dəvət edən kişilərdən biri həyətdə otlayan qoyunu tutub elə gözümüzün qabağındaca kəsdi. Qadınlar çardağın altındakı böyük stolun üstünü silib, süfrə saldılar. Bütün bunlar hamısı elə sürətlə baş verirdi ki, özümüzü kinolardakı kimi təsəvvür edirdik. Yəni, qonaq üçün belə canfəşanlıq? Afərin, şəkililərə. Sağolsun müəllimimiz! Gör, necə ailəsi var. İndiki zəmanədə kimin qapısından girsən, sənə belə xoş üz göstərər. Sözün düzü həyətdəki bu dinamika bizə müəllimimizi unutdurmuşdu. Bir nəfər də ağzın açıb demirdi ki, ay balam, biz axı xəstə yanına gəlmişik. Nəysə, bir saatın ərzində elə gözəl süfrə açıldı ki, adamın lap tamahı düşürdü. 

Hamı - bizim tələbə yoldaşlar da, həmin o iki kişi də, həyətdəki arvad-uşaq da bir süfrə arxasında oturub, buğlanan plova, kabablara, kürə çörəyinə qənim kəsildik. "Vişniyovka", zoğal arağı, heyva çiçəyindən kompot da yeməkləri doğurdan tamamlayırdı. Ən dəhşətlisi isə 4-5, 7-8 yaşında oğlan-qız uşaqlarının böyüklər kimi çappa stəkanda araq işməsiydi. Hamısının yanaqları qıpqırmızı alışıb-yanırdı. Kefimiz kök idi. Məclis iki saata yaxın davam elədi. Günortanı çox keçmişdi. Çay süfrəsi quruldu. Samovar çayından içib, mütəkkələrə yayxanmaq isə oğlanlı-qızlı hamımızı məst eləmişdi. Birdən hansısa ağıllı tələbə yoldaşım bir neçə saatdır heç kimin yadına da düşməyən bir sualı verdi: "Bəs, Vaqif müəllim hardadır?". Gözümüz kəlləmizə çıxmasınmı? O boyda yol gələsən, kişinin evində yeyib-içib şellənəsən, amma özünü görmək cəhənnəm, heç yada salıb, soruşmayasan da. Hamımız birdən ayıldıq. Qızıldiş, boynu, barmaqları qızılların içində itən yekəpər kişi (qoyunu da o kəsib-soymuşdu) hırıldaya-hırıldaya nə desə yaxşıdır? "Bilirsouz, ha bura Vaqif məllimin öyü döyülü. Yeyif-işməyə adam axtarırdıx. Sizi də Allah yetirdi. Ceyax, cöstərim Vaqif məllimin öyün. Biraz yuxarı qalxası olassouz". Hamımız suya-buza döndük. Key kimi gözümüzü döyürdük. Adam bizdən yaşda böyük, qolu bizdən güclü, həm də nə pislik edib ki? Evinə dəvət edib, qonaqlıq verib də. İndi onlar hamısı bizə gülür, biz də pərt vəziyyətdə qapıdan çıxırıq. Qadınlardan biri gördü ki, bıçaq vursalar, qanımız çıxmaz. Ürək-dirək verdi ki, "noolasıdı e, ha bura da Vaqif məllimin öyü kimi bir yerdi daa, ceyin cörüşün, axşama qayıdasuuz aa". Onun bu sözlərindən sonra hamımız arsız-arsız gülməyə başladıq. 

Vaqif müəllimlə görüşümüz isə cəmi 10 dəqiqə çəkdi. Çünki geri qayıtmaq üçün avtobusa çatmayacaqdıq. 




27.12.2010 - 02:00   









© 2010 INRADIO.AZ
Bütün hüquqlar qorunur. Materialların tam və müəyyən hissəsindən
istifadə olunarsa sayta mənbə kimi istinad olunmalıdır. Əlaqə üçün: info@inradio.az
Designed & Coded by: Zurab Vardanashvili