AZ  | EN  | GE  | RU


"İnsanlara azadlıq, millətlərə istiqlal!"

M.Ə.Rəsulzadənin Azərbaycan xalqına xitabı

Köhnəliklə yeniliyin güləşi

Elxan Xanəlizadə

Öz qədrimizi bilmirik

Üzeyir Hacıbəyli

İran və biz

Yusif Vəzir Çəmənzəminli

Nigar Köçərlini tənqid etmə - kitabın satılmaz!

Elxan Xanəlizadə

Kişilərin hümməti parçalayar dağları

Məhəmməd Əmin Rəsulzadə

Namus böhranı

Aqil Camal

Şəki haqqında ballada (II yazı)

Elxan Xanəlizadə

Şəki haqqında ballada (I yazı)

Elxan Xanəlizadə

Mən bu şəhəri sevirəm!

Cəlil Cavanşir (Gəncə dəftərindən)

Şəki haqqında ballada (I yazı)



Elxan Xanəlizadə




Bilmirəm nədəndir, həmişə ağzımı açıb hansısa xatırladığım hadisəni danışmaq istəyəndə, qeyri-ixtiyari ilk dediyim cümlə “söz vaxtına çəkər”, olur. Amma bu dəfə danışacağım hadisə təsadüfən “vaxtına çəkmir”.

Bu gün küləkli havada evdən çıxıb metroya tələsdiyim bir anda üz cizgiləri olduqca tanış bir xanımla üz-üzə gəldim. Yerində dayansa da, məni tanıdığından birinci tərpənən o oldu. Düz üstümə gəldi. Amma mən hələ də onu tanımamışdım. Daha doğrusu üzü bir az tanış gəldiyindən, harda gördüyümü xatırlamağa çalışıb, kim olduğunu beynimdə araşdırırdım. Bir neçə saniyə çəkdi onun mənə çatmağı. Fikirləşməyə heç macal da tapmadım ki, bu kimdir axı, necə olur məni tanıyır, amma mən onun kimliyini yadıma sala bilmirəm. Salamlaşmağı ilə kim olduğunu xatırladım. İnsan necə dəyişərmiş, 9 il ərzində tam fərqli bir görkəm alarmış, məəttəl qaldım. Tələbə yoldaşım imiş...

Dedi ki, oğlunun müəllim yanından çıxmağını gözləyir. Nədənsə, illər ərzində olanlardan-keçənlərdən danışmaq yerinə mənimlə bağlı ilk xatırladığı onun toyunda döyülməyim oldu. Özü də, gülə-gülə, maraqlı bir tərzdə, elə bil bəy-gəlin masasında oturmayıb, bayırda mənim döyülməyimi öz gözləri ilə müşahidə edib.

Əslində, əhvalat belə olub. 2001-ci ilin noyabrında, Şəkidə toyu olacaq tələbə yoldaşım yaxın bildiyi qrup uşaqlarına dəvətnamə vermişdi. Heç kim getmədi. O boyda qrupdan bir mən atıla-atıla getdim Şəkiyə. Mən gedən gün – 11 noyabrda Şəkinin İcra Hakimiyyətinin binası qarşısında mitinq olmuşdu. Birinci dəfə idi ki, Şəkini bomboz görürdüm. Çünki o vaxtadək Şəkiyə çatandan-çıxana kimi deyib-gülmək, şəkililər demişkən, kef-keyfiyyət olardı. Nə isə,.. bildim ki, bu dəfəki gəliş əvvəlkilərdən fərqli olacaq. Toydan düz 7 gün əvvəl getmişdim ki, öz aləmimdə istirahət edəcəm. Dostumgildə qalırdım. Həmin 7 gün getsin, gəlməsin. Xoflu söhbətlər, hamının bir-birinə “şpion” kimi baxması, demaqoq suallar, nəticəsi haqqında təssəvvür olmayan qərarlar və s. 7 günümü müşahidə etdi. 18 noyabrda şəhərin mərkəzində mitinq olacağını da əvvəlcədən elan etmişdilər.

18 noyabr – qrup yoldaşımın (həmin illərdə elə bilirdik biz dostuq) toyu günü doğurdan da mitinq oldu. Şəkidə olanlar bilir, olmayanlar üçün deyim ki, Rəsulzadə prospekti şəhərin ən uzun prospektidir. Bir sıra inzibati binalar, Dram Teatrı, Avtovağzal, ANS-in Şəki bürosunun ofisi, Nigah Evi, Poçt və s. konkret olaraq bu prospektdə və bir-birinə yaxın məsafədə yerləşir. Həm də şəhər prokurorluğu, polis idarəsi və icra hakimiyyətinin binası Rəsulzadə prospekti ilə kəsişən digər küçələrdə, yenə də bir-birinə olduqca yaxın məsafədə yerləşir. Ona görə də, mitinq Rəsulzadə prospektində - saydığım inzibati binaların qarşısından hərəkət etməklə baş tutmalıydı. Amma tutmadı. Əvəzində polis mitinqçilərə divan tutdu. Aləm-birinə dəydi. Yadımdadı, mitinqdən əvvəl ANS-in Şəki bürosunun ofisinə getdim. Familiyasını xatırlamıram, Xatirə adlı xanımla (büronun jurnalisti) bir xeyli söhbət etdik. Ondan “Şəkidə nə baş verir?”, soruşanda, əlində tutduğu “Azadlıq” qəzetindən bir başlığı oxudu mənə: - “ŞƏKİDƏ VƏZİYYƏT GƏRGİN OLARAQ QALIR!”. Verilən suala cavab əvəzi  o cümləni oxuyanda Xatirə xanımın dodaqları səyriyirdi. Nə isə,.. olan oldu, keçən keçdi... Xeyli insan da həbs edildi. (Bu yaxınlarda dostum dedi ki, həmin vaxt həbs edilənlər artıq azadlıqdadırlar.)

Və bütün bunlar – mitinq, döyülmələr, səs-küy, dava-dalaş mənim həvəslə getdiyim tələbə yoldaşımın toyu ilə eyni vaxtda baş verirdi. Toyun qızğın yerində biləndə ki, şəhərdə (piyada istədiyin yerə qısa müddətdə gedə biləcəyin bir şəhərdə) nələr baş verir, bayıra çıxmamaq olarmı? Səbrimi basmayıb, bayıra çıxdım. Ətrafda qaçışan insanlar, onları qovan, tutduğunu dubinkanın altına salan polislər və hansı tərəfə işlədiyi bilinməyən mülki geyimlilər. Yağan qarın müşayiəti ilə baş verən bu proseslərə bir az da maraqla baxdığımdan, üstümə şığıyaraq, gözləmədiyim bir anda (elə bil toya getdiyimi hamı bilirmiş kimi arxayınlıq vardı canımda) qoşa təpiklə kürəyimdən vuran mülkü geyimli şəxsə kimsə söyərək, ona acıqlandı: “Ərə, gic...q, çorsan, o döyülü!” Bəlkə də “o kimsə” olmasa, həmin mülkü geyimli məni döyməyə davam edəcəkdi. 21 yaşlı cavanın gücü çatmayacaq qədər heyvərə görkəmli mülkü şəxs üzüqoyulu sərildiyim yerdən qalxmağıma kömək elədi. Dərhal da üzrxahlıq edib, yanımdan qaçaraq, ara küçə ilə qaçışan kütləyə qarışdı. Nə baş verdiyini mənə bir az əvvəl heyvərəyə acıqlanan kişi izah etdi. Mülkü geyimli guya məni kiməsə oxşatdığından vurub. Guya, onlar ikisi də eyni adamı axtarıblar, məni vuran isə axtarışda olanı tanımadığından mənim üstümə cumub. Ara yerdə təpik mənə dəydi.

Üzüsulu restorana qayıdıb, bayırda başıma gələnləri toydakılara danışdım. Şəkisayağı zarafatlar etdilər. Qızışdırıb, içirtdilər ki, canın qızışsın. Canım qızışdı...

Düz 9 ildən sonra – 2010-cu ildə həmin həngaməli toyun səbəbkarı qarşıma çıxanda, danışmağa gözəl xatirələrin olduğu bir halda döyülməyimi yadına salıb güldü. Tələbə yoldaşım olan xanım bir neçə dəqiqənin içində məni ənənəvi sual yağışına tutdu. Ən sonuncu sualı, “di, cörax, toy havaxtdı?”. Dedim ki, səni ailəvi çağıracam toyuma, hazırlaşın. Onunsa cavabı belə oldu: “Biisəən, ha bı yoldaşım həcə giyənnən, day toya-moya cetmirux. Bizi çağırmıyasan, yaxşıı? Haffayı yerə yer pulu vermiyəsən diyə diyiram aa”. 




17.12.2010 - 02:44   









© 2010 INRADIO.AZ
Bütün hüquqlar qorunur. Materialların tam və müəyyən hissəsindən
istifadə olunarsa sayta mənbə kimi istinad olunmalıdır. Əlaqə üçün: info@inradio.az
Designed & Coded by: Zurab Vardanashvili