AZ  | EN  | GE  | RU


"İnsanlara azadlıq, millətlərə istiqlal!"

M.Ə.Rəsulzadənin Azərbaycan xalqına xitabı

Köhnəliklə yeniliyin güləşi

Elxan Xanəlizadə

Öz qədrimizi bilmirik

Üzeyir Hacıbəyli

İran və biz

Yusif Vəzir Çəmənzəminli

Nigar Köçərlini tənqid etmə - kitabın satılmaz!

Elxan Xanəlizadə

Kişilərin hümməti parçalayar dağları

Məhəmməd Əmin Rəsulzadə

Namus böhranı

Aqil Camal

Şəki haqqında ballada (II yazı)

Elxan Xanəlizadə

Şəki haqqında ballada (I yazı)

Elxan Xanəlizadə

Mən bu şəhəri sevirəm!

Cəlil Cavanşir (Gəncə dəftərindən)

Köhnəliklə yeniliyin güləşi

Elxan Xanəlizadə




Novruz Bayramının da bu ayda olması martı xilas etmir. Boz ay ki, Boz ay. Başa çatmaq da bilmir ki, canımız qurtarsın bu yoruculuqdan. Bu ay demək olar ki, heç kimlə görüşməmişdim. Ayın 15-də "Xural"ın baş redaktoru Əvəz Zeynallı zəng edib, növbəti gün saat 12-yə "Nə yatmısan qoca vulkan, Səninləyəm!" adlı şeirlərdən ibarət diskin təqdimatına dəvət etdi. Məmnuniyyətlə qəbul edib, gələcəyimi dedim. Getdim də…


RATİ-nin ofisində təşkil olunan təqdimata gələn qonaqları görəndə məndə ilk yaranan fikir bu oldu: "Bu təqdimatdan çox, köhnəliklə yeniliyin güləşi olacaq!" Adamın üstündə Allah var, elə də oldu. Əvəz Zeynallı tədbirə gələnləri salamlayıb, disk haqqında məlumat verdi. Bununla da tədbir başladı, nə başladı…


Əvvəlcədən deyim ki, bu ölkədə audio kitab adına görülən bütün işlərin hamısına keyfiyyətindən asılı olmayaraq sevinirəm. Heç olmasa insanlar audio kitabın nə olduğunu öyrənirlər. Heç yadımdan çıxmaz, mətbuatın kifayət qədər tanınmış simalarından biri (yaşı 40-ı keçən) mənə audio kitabla bağlı irad bildirəndə demişdi ki, "neyləmisən ki, əsəri diskə yazdırmısan də, nə fərqi var kitabdan oxudun, ya diski qoyub kompüterdən oxudun!" Mən həmin müəllimə izah edəndə və audio kitabı göstərəndə o, etiraf etdi ki, audio kitabın nə olduğunu bilmirmiş. Yəni bütün gün sosial şəbəkələrdə avanqard statuslar yazıb, özünü gənclərdən daha çox yenilikçi adlandıran adam illərdir dünyada olan audiokitab haqqında anlayışsız imiş. Bu müəllim sadəcə bir nümunədir.


İndi isə qısaca audiokitab haqqında məlumat verim. Peşəkar audiokitab nədir və o, əslində necə olmalıdır? Bu suala bir neçə istiqamətdə cavab tələb olunduğundan çalışacam ki, izahım oxucuya aydın olsun. Audiokitab oxucunu dinləyiciyə çevirən hazır ədəbiyyat məhsuludur. Bədii əsəri növündən asılı olmayaraq, onu monoton, yorucu olmayan səslə dinləyiciyə (oxucuya) çatdırmaqdır. Mətni səsləndirən özünü hardasa atristliyə vurmamalı, səmimi olmalıdır. Heç kim müəllifin yerinə deyə bilməz ki, o özü yazdığını belə səsləndirərdi. Burada səs vacib rola malik olduğu kimi səsi müşayiət edən musiqi və digər səs effektləri də az rol oynamır. Dinləyici eşidəcəyi ədəbiyyat nümunəsini qulağı ilə oxumaq imkanını əldə etməlidir. Audiokitabda istifadə edilən musiqilər məhz həmin əsər üçün yazılmalıdır. Nə vaxtsa başqa yerdə eşidilən musiqi təkrar istifadə olunursa, audio kitabda həmin təkrarçılıq dinləyicidə istiqaməti dəyişdirir. Bununla da dinləyici eşitdiyi ədəbiyyat nümunəsində kələfin ucunu itirib, bu musiqini daha harada eşitdiyi haqda fikirləşir. Bu bir növ kitab oxuyan adamla yanaşı dayanaraq, ona lətifə danışmaqla, oxuduğundan fikrini yayındırmağa bənzəyir. Qayıdaq audiokitabın səsinə. Audiokitab üçün mətni oxuyan şəxsdə PAFOS olmamalıdır! Pafos audiokitabın bir nömrəli düşmənidir. Pafosla səsləndirilən ədəbiyyata 5 dəqiqə, 10 dəqiqə, lap əsəblərini cilovlayıb 15 dəqiqə qulaq asarsan, daha davamı ilə maraqlanmadan o diski birdəfəlik ata bilərsən. Bununla da potensial dinləyicini (oxucunu) birdəfəlik itirə bilərsən. Dünya praktikasında illərdir audiokitablar üçün bir vacib şərt var. Onun hazırlanması zamanı xüsusi üz qabığı olmalıdır. Dünyanın heç bir ölkəsində audiokitablara (disklərə) müəlliflərin şəkli vurulmur. Bu, hansısa bir rəssamın əl işi ilə əvəzlənir. Hələ audiokitabı səsləndirən şəxsin (kimliyindən asılı olmayaraq) şəkli heç üz qabığının həndəvərinə buraxılmır. Həvəskar formada ixtiyari diski hazırlayıb, üz qabığı üçün bir qəşəng şəkil də yapışdırırsansa, ancaq öz dostlarına payla ki, bunu ictimai yerlərdə görən olmasın. Belə məhsul audiokitab anlayışını lağlağıya çevirir.


Qayıdaq, təqdimatında iştirak etdiyimiz "Nə yatmısan qoca vulkan, Səninləyəm!" audiokitabına. Bu təqdimatda çıxış edənlərin hər birinə böyük hörmətlə bildirirəm ki, orada iştirak edənlərin heç biri hara və niyə gəldiklərini ya bilmirdilər, ya bilərəkdən belə edirdilər. Adı çəkilən audiokitab qaldı bir tərəfdə, təxminən iki saata yaxın uzun-uzun xatirələr, qucaqdolusu mədhiyyələr eşitməkdən başqa heç nə olmadı. Baxmayaraq ki, hamı guya səmimi xatirələr danışırdı, amma hər biri özlüyündə tədbirin uzunluğundan və cansıxıcı söhbətlərindən bezmiş bir görkəmdəydi. Təqdimatda iştirak edən qonaqların hamısının guya hədəfi gənclər idi. Yaşı 40-ı keçənlər və daha yaşlılar özləri audiokitabın nə olduğunu bilmədən gənclərə diskə qulaq asmağı tövsiyə edirdi. Gülməli bir mənzərə yaranmışdı. Tədbirdə yanımda əyləşən hörmətli bir xanım jurnalistimizlə baş verənlərə sadəcə təəccüb edirdik. Təqdimatın hədəfi də, obyekti də çoxdan başqa istiqamətə dəyişmişdi. Ən sonda 2 dəqiqə ərzində qısaca audiokitab haqqında danışdım. Bu da tədbir iştirakçılarından birinin xoşuna gəlmədi. Hamıdan çox mədhiyyə eşidən İradə xanım (Aqil Abbasın həyat yoldaşı, hər ikisi yanaşı oturmuşdu) qısa etiraz etdi ki, "bu təqdimatdır, burada müzakirə etmirik!" (Nə gözəl, deməli, biz hələ bir dəfə də mədhiyyələrlə, nostalji xatirələrlə dolu müzakirəyə yığışacağıq). Qısası, tədbiri kameraya çəkib sonradan orada olmayan birinə göstərsən, Allaha and olsun ki, onun audiokitab təqdimatı olduğunu heç kim bilməyəcək!


Gənclərdən yeniliyi öyrənmək əvəzinə, onlara yeniliyi "məsləhət görən" köhnələrimiz nə demələrindən asılı olmayaraq, "Nə yatmısan qoca vulkan, Səninləyəm!" adlı şeirlərdən ibarət audiokitabın (hər mənada keyfiyyətinə baxmayaraq) hazırlanması da bir uğurdur. Daha yaxşı ola bilərdi (onsuz da xərc çəkilirdi), daha səmimi ola bilərdi. Olsun! Ən azından DAK-ın Azərbaycan nümayəndəliyinin və "Xural" qəzetinin ədəbiyyat adına birgə gördükləri bu işi alqışlamaq lazımdır. Əvəz Zeynallıda olan bu təpərdən bircə damcı digər redaktorlarda da olsa nə xoş… Bu ölkədə ədəbiyyata da pul ayıracaq insanların yetişməsi arzusu ilə…


"Xural" qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il



24.03.2011 - 02:29   









© 2010 INRADIO.AZ
Bütün hüquqlar qorunur. Materialların tam və müəyyən hissəsindən
istifadə olunarsa sayta mənbə kimi istinad olunmalıdır. Əlaqə üçün: info@inradio.az
Designed & Coded by: Zurab Vardanashvili